19.04.2022

1472 2

STENOKARDİYALI XƏSTƏLƏRİN NƏZƏRİNƏ!

Xəstəliyin proqnozunu yaxşılaşdırmaq, miokard infarktı və ölümün qarşısını almaq, simptomları azaltmaq və ya tam aradan qaldırmaq üçün stenokardiyalı xəstə bunlara əməl etməlidir:

• Spirtli içkilərdən və tütünçəkmədən imtina etməli;

• Yağlı qidalar qəbul etməməli (xolesterinsiz qidaya üstünlük verməli);

• Faydalı qidalardan istifadə etməli (meyvə, tərəvəz);

• Yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə etməli (tanış, qonşu və s. dediyi dərmanı içməməli);

• Əsəb gərginliyindən uzaq olmalı;

• Qan təzyiqini daim nəzarətdə saxlamalı;

• Qanda şəkəri olan xəstələr daim endokrinoloq nəzarətində olmalı;

• Təmiz havada piyada gəzməli (ən azı gündə 30 dəq.);

• Müalicə rejiminə düzgün riayət etməli;

• Lazımi müayinələrdən vaxtında keçməli (EKQ, EXO, laborator müayinələr);

• Artıq bədən çəkisindən azad olmalı.

 

Stenokardiya nədir?

 

Stenokardiya və ya “döş inağı”, adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir.

Stenokardiyanın yaranmasında rol oynayan risk amilləri

 

  • Tütünçəkmə;
  • Spirtli içkilərdən istifadə;
  • Piylənmə (maddələr mübadiləsinin pozulması);
  • Qan təzyiqinin yüksəlməsi;
  • Şəkərli diabet (digər endokrin xəstəliklər);
  • Emosional gərginlik.

 

Stenokardiya tutmalarını əmələ gətirən səbəblər

 

  • Fiziki gərginlik (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma);
  • Emosional stress (şad və bəd xəbər);
  • Qan təzyiqinin yüksəlməsi;
  • Çoxlu miqdarda qida qəbulu;
  • Soyuq havanın təsiri.

 

Risk amilləri öz mənfi təsirini göstərərək xəstəliyi ciddiləşdirir!

 

Stenokardiya zamanı ürək damarları ateroskleroz və tromboz nəticəsində daralır. Risk amillərinin təsiri isə aterosklerozun inkişafına səbəb olur. Xəstə düzgün və mütəmadi müalicə olunmadıqda, bu, damarın tıxacı ilə nəticələnir: ürəyin qan ilə təminatı tam pozulur və infarkt kimi ağırlaşmalara gətirib çıxarır. Bu vəziyyətin davam etməsi təhlükəlidir, hətta xəstənin ölümü ilə nəticələnə bilər. Kardioloqun qəbulunda olan zaman ona aşağıdakılar barədə mütləq məlumat verin:

• Döş qəfəsində olan ağrıların xarakteri;

• Əmələ gələn ağrının müddəti;

• Ağrının yaranma səbəbi (həyəcan, əsəb gərginliyi və s.);

• Soyuq havanın təsiri. Stenokardiyaya əhalinin 45-60 yaşlı təbəqəsi, kişilər və xəstəliyə irsi   meylliliyi olanlar arasında daha çox rast gəlinir.

Yadda saxlayın! Qadınlarda klimakterik dövrdə stenokardiyaya tutulma riski dəfələrlə artır. 

Stenokardiyalı xəstələrdə yanaşı gedən xəstəliklərin ayırd edilməsi vacibdir:

  • Hipertoniya;
  • Ürək çatışmazlığı;
  • Ürəyin qapaq xəstəlikləri;
  • Şəkərli diabet;
  • Piylənmə (maddələr mübadiləsinin pozulması).

 

Risk qruplarına aid olan insanlarda stenokardiya xəstəliyini ağırlaşmalar yaranmadan aşkar etmək üçün onlar ən azı ildə iki dəfə kardioloqun (ürək həkiminin) qəbulunda olmalı, EKQ, rentgen (onurğanın döş fəqərələrinin müayinəsi) və qanın laborator müayinəsindən keçməlidirlər.

Stenokardiya tutması zamanı nə etməli?

 

Əgər siz döş qəfəsində tutma şəklində ağrı hiss etmişsinizsə, bu ağrı sol qola və kürək nahiyəsinə yayılıbsa, bu hal ilkin stenokardiya əlamətidir:

➢ onda mütləq dilin altına nitroqliserin qoymalı, əgər imkan varsa, oturmalı, sakitləşməli və  qan təzyiqi yüksəlibsə, təzyiqi aşağı salan dərman içməlisiniz.

Diqqət! Əgər qan təzyiqi aşağıdırsa, nitroqliserindən istifadə edərkən ehtiyatlı olmalı!

19.04.2022

QİDA ZƏHƏRLƏNMƏSİ: BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Qida zəhərlənməsi bakteriyalar və/və ya onların to...

19.04.2022

QİDALANMA VƏ PƏHRİZ

Dünya Xərçəngin Tədqiqatı Fondunun hesabatına görə...

UPTODATE IN MEDICINE

Вы достойны получить медицинскую помощь самого высокого уровня и качества, доступную в Азербайджане и в ведущих странах мира.